Məqalələr

Pandemiya dövründə asudə vaxtın səmərəli keçirilməsi

05 Dekabr

“Pandemiya dövründə asudə
vaxtın səmərəli keçirilməsi” 

Aylardır bütün dünyada Covid-19 bəlası yaşanır, həqiqətən vəziyyət çox ciddidir. Hər kəs bu virus haqqında danışır, müzakirələr edir. Covid haqqında məlumatlar oxunur,qarşısını almaq üçün mübarizə yolları axtarılır. Gözlə görmədiyimiz bu virus dünyanı ovcunda saxlayır. Bir-birimizdən qorxar olduq, uzaq durmağa,bir-birimizi damğalamağa başladıq. Yaşlı insanların və risk qrupuna daxil olan insanların ən çox təhlükədə olduğu vurğulanmağa başlandı - özümüzü yaşlılarımızın qarşısına sipər etmək istədik.  
Bəlkə də çoxlarımız fərqinə varmırıq ancaq biz bir tarix yaşayırıq – böyük dünya ilə kiçik virusun qarşı-qarşıya döyüşdüyü, çarpışdığı bir tarix... Hər döyüşün bir qalibi, bir məğlubu olur,bu qanun yox, aksiomdur. Bəs bu mübarizədə qalib kim, məğlub kim olacaq? Tarix kimin üçün nə yazacaq, necə bir hökm oxuyacaq? Dünyanın əşrəfi sayılan, yaranışdan bu yana çox-çox bəlaların, virusların kürəyini yerə vurub dizini qatlayan insan oğlu koronanı da ayağının tozu etməyi bacaracaqmı?! Bacaracaq, əgər hamı ayağını yerə inamla, qətiyyətlə basa bilsə... 
Bu gün hər birimiz çölə - küçəyə, kütlə içinə çıxan qapıları bərk-bərk bağlamışıq. İndi bağlı qapılar arxasındakı bu məcburi dövrü düzgün dəyərləndirməmiz lazımdır. Günlərimizi həm disiplinli, həm də əyləncəli yaşamağı bacarmalıyıq. Zamanı düzgün yönləndirməmiz üçün qarşıya düzgün hədəflər qoymağımız lazımdır. Covid-19 virusu insanların həyatına hər tərəfli zərbələr vurmaqdadır. Ən çox psixoloji problemlərin sürətlə artdığı bir dövrdəyik. İnsanlarda stress faktorunun artması, depresiyanın çoxalması müşahidə olunur. Ata və analar çox təşviş halında qayğı pozuqluğu yaşayırlar. “Biz yoluxarıqsa, övladlarımız necə olar ?“ düşüncəsi narahatlıq yaradır. Bu vəziyyətdə qayğı yaşamaq normaldır, lakin aşırı qayğı yaşamaq mübarizə zamanı faydalı sayılmaz. Düşüncələrimizdə pis ssenarilər yazaraq, ruh halını gərginləşdirərək orqanlarımıza fəsadlar yaratmamağımız lazımdır.
Bu izoliyasiya dövründə, yoluxmanın artdığı zamanda istəmədən təkliyə çəkilmək, özün ilə bərabər ətrafımızdakı insanları da qorumaq məcburiyətindəyik.
Paskalın bir fikri vardır: ,,Bədbəxtliyin tək səbəbi, insanın tək başına qala bilməməsidir”. Halbuki hamımız bir stolda, bir otaqda səssizcə oturub təfəkkür etməyi, oxumağı, xəyal qurmağı, könlümüzdən xoş xəyallar keçirməyi bacarmalıyıq. Zehnimiz ən hündür divarları belə aşa bilər. Xəyal qanadlarında bütün dünyanı dolaşıb durarıq... Xəyallarımız bizi getmədiyimiz yerlərə, görmədiyimiz insanlara, arzuladığmız istəklərimizə aparar.
 Hazırda can sıxıntısı çox aktual bir problem olub. Yaşadıqlarımızla barışa bilməməyimiz, özümüz ilə baş-başa qala bilmədiyimiz anlarda canımız sıxılır. Tək qalanda pis düşüncələr bizi yorur, qorxudur. Bu qorxu qarşısında ya acizləşirik, yaxud da bundan qaçarıq. Əslində isə can sıxıntısı bizim xəyal qurma bacarığımızı daha da inkişaf etdirir. Bu sıxıntılı anlarda evdə qalaraq həyatı evə sığdırmaq və əlində olan fürsətləri dəyərləndirməyə çalışmalıyıq. Ekran qarşısında yaxud telefon asılılığından uzaqlaşaraq ailələr birlikdə zaman keçirməlidirlər. Sosial məsafəni uzaqlaşdırmaq, ruhsal məsafəni yaxınlaşdırmaq lazımdır. Kitab alaraq hər ailə üzvü bir bir kitabı eyni zamanda oxuyaraq bir - birinə ötürməlidi, müzakirə etməli, fikir paylaşmalı və bunu övladlarına da öyrətməlidirlər. Bu anlarda təqdir etmək, uşaqlarımızın yaxşı hərəkətlərini dilə gətirmək çox önəmlidir. Bu dönəmdə ailə üzvüləri bir - birinə qarşı diqqətli olub,yaxşı cəhətləri üzə çıxartmalı və yanlışlarını xatırlatmağı bacarmalıdılar. Yeni hobbilər yaratmaq, uzun zamandan bəri etmək evdə etmək istədiklərimizi həyata keçirtməyə başlamaq və zamanımızı sərfəli keçirtməmiz lazımdır. Fürsətdi deyib öz düşüncələrin ilə baş-başa qalaraq zehni yorğunluqdan xilas olmaq üçün ,,səhər vərəqlərini,, yazmağa başlamaq kimi. 
Səhər saatlarında yuxudan oyanaraq təmiz hava qəbul edərək zövqümüzə görə bir fincan qəhvə yaxud çay içərək günə başlamaq lazımdır. Bu saatlarda şürumuz təmiz və açıq olduğu üçün çox gözəl nəticələr verir.
   Hər axşam yatmadan öncə özünə suallar ver, qoy beynin o suallarına cavablar versin. Sənə təzyiq edən mənfi düşüncələrin yaranma səbəblərini anla və fərqində ol.
   Həyatını gözəlləşdirərək öz dünyanı yarat və orda hədəflərinə yetişəcək cəsarətini gör.
  Gün ərzində özünə izin ver. Var olubda göstərə bilmədiyin müsbət cəhətlərini üzə çıxar. Bəlkə daxilində çox bacarıqlı bir aşbaz vardır. Keç mətbəxə o bacarıqlarını göstər, amma tək yox, ailə üzvlərinlə birlikdə.
 İllərdir yazmaq istədiyin, etiraf etmək istədiyin duyğuların var, yazmağa başla, yazdıqca davamı gələcəkdir.
 Heç diqqət etmədiyin evinin hər guşəsini gəzməyə başla, yeniliklər yarat və bundan zövq al.
Həyat davam edir. Yaşanan narahatçılıqların fərqində olaraq, məntiqi yanaşaraq bütün çətinliklərə, eləcədə bu başa bəla olan virusa qalib gələ bilərik. Bu gün  ayrı düşsək də, hərə öz evinə qapansa da unutmayaq ki, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
Unutmayaq ki, düşüncələrimiz kimi çətinliklər də daimi deyildir. Daimi olmadığı və həlli yolları olan problemlər, çətinliklər qarısında daha cəsarətli və başarılı olmaq diləyi ilə.
Əziz oxucularımız, sizə bu çətin və gərgin günlərdə xoşbəxt və uğurlu günlər diləyirəm.
    Psixoloq və ailə məsləhətçisi : Ülkər Məhərrəmova.