Mən kitabları sevirəm,bəs siz?
Kitablar- ən vəfalı dost,maraqlı həmsöhbət,hər üz qabığının altında bir dünya gizləyən möcüzəli aləmdir.Ən yorğun zamanımda ünsiyyət quracağım ,oxuyub bitirmədən yuxuya gedə biməyəcəyim “olmazsa-olmaz” larımdandırlar.İlk oxumağa başladığımda 5 yaşım vardı. Böyük bacılarımın səyi nəticəsində oxumağa tez başladım. Və ilk kitab hədiyyəm də atamın aldığı, əvvəllər yalnız rəngarəng üz qabığına görə sevdiyim, lakin sonra çox böyük maraqla oxuduğum ”Özbək xalq nağılları”oldu. Günlərlə ,bəlkə aylarla o qəhrəmanları beynimdə canlandırdım. Ondan sonra demek olar bütün xalqlara məxsus nağıl kitablarını oxuyurdum. Hans Xristian Andersenin nağılları, Süleyman Sani Axundov, Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə..... və getdikcə kitablar artdıqca oxumağa olan marağım böyüyürdü. İlk oxuduğum və indiyədək unutmadığım bədii əsər isə İlyas Əfəndiyevin “Söyüdlü arx “romanı olub. Beləliklə kitablar mənim həyatımda ayrılmaz bir parçaya çevrildilər. Və heç düşünməzdim ki, bir gün gələcək mən sevərək oxuduğum kitablardan danışacam, kitab oxuma ilə bağlı motivasiya və fərdi inkişafda kitabların rolu ilə əlaqədar mövzularda seminarlar verəcəyəm, ”Oxuma Gücləndirmə” və “Sürətli Oxuma “ təlimçisi olacağam. Bəlkə də bütun bunların ilk başlanğıcı kitaba maraqdan,sevgidən yarandı.
Ümumiyyətlə statistikaya görə ay ərzində 5 ədəd kitab oxuyanlar az oxuyan, 5-10 arası oxuyanlar orta oxuyanlar, 10-20 arası kitab oxuyanlar isə çox oxuyanlar sayılır.
Kitab oxuyaraq nə əldə edə bilərik deyənlərə cavabım , kitab oxuyaraq həyatınızı, düşüncələrinizi formalaşdıra,həyata baxışınızı dəyişdirə,xəyal gücünüzü inkişaf etdirə, daha asan danışa, çox səlis nitq sahibi ola bilər və hər kəsə fikirlərinizi asanlıqla çatdıra bilərsiniz. Bir aforizmdə deyilir:”Kitablar cibinizdə gəzdirdiyiniz bağçalar kimidir.” Onların güllü -çiçəkli və ya quru ağac ,kollarla dolu olması oxuduğunuz ,seçdiyiniz kitablardan asılıdır. Bir kitabı çox sevdiyiniz və maraqla söhbətini dinlədiyiniz birini dinlədiyirmişsiniz kimi oxuyun. Hər sətir üzərində tək- tək düşünün. Bütün bunlardan sonra kitab sizin həyatınızın ayrılmaz bir parçasına çevrilə bilər. Televiziya qarşısında boş və mənasız zaman keçirməkdənsə kitab oxuyaraq soz lüğətinizi zənginləşdirə bilər,öyrəndiklərinizin siyahısına yeni nələrsə gətirə bilərsiniz. Bunun üçün uzun yola çıxarkən,yaxud ictimai nəqliyyatda ,hardasa saatlarla oturub gözləyərkən kitab oxuyaraq zamanınızı daha səmərəli və anlamlı edə bilərsiniz.
Oxuma vərdişi qazanmaq üçün sizə bir təlimçi olaraq tövsiyyəm- çox asan oxunan və sevəcəyiniz, sizi maraqlandıran mövzu ilə bağlı kitab seçin.Hər gün ilk başlarda 10-15 dəqiqəlik oxumağa başlayın .Günlər keçdikcə oxuma zamanınızı artırın.Əgər kitab xoşunuza gəlməsə özünüzü o kitabı oxuyub bitirməyə məcbur etməyin.Demək ki, kitab seçimində doğru və düzgün qərar verməmisiniz. Hər zaman yanınızda kitab gəzdirin,özünüzə hədəf seçin,ilk başda oxuduğunuz kitabı kitab ayracları köməyi ilə hissələrə bölün və seçdiyiniz hədəfə çatın ,daha sonra həftəyə bir kitab hədəfi qoya və zamanla sayı artıra bilərsiniz.
Ümidvaram bu yazımı oxuyandan sonra hər biriniz yeni bir kitab seçib böyük həvəslə oxumağa başlayacaqsınız.
Aytəkin Aslan