Məqalələr

Piyada yeriməyin beynimizə faydası

01 İyun

Beyin dediyimiz  möcüzə  orqan   və  onun  fərqli  xüsusiyyətlərinin  insanın həyatını  davam etdirməsində, doğru  qərar verməsi  və faydalı olacaq fəaliyyətlərlə  məşğul olması üçün  rolu  danılmazdır. Bədənimiz də beynimiz də  hərəkətsiz qalmaq üçün deyil.

 Bədən  hərəkəti, xüsusilə  insanlarda sinir  sistemini  çox  dəyişik  formada  idarə  edən  qarışıq  bir  fəaliyyətdir. Sinir  sistemi  sadəcə  bədənimizi  hərəkət  etdirən  əzələlərimizi idarə etmir. Bütün  vücudumuzdan, əzələlərdən, hərəkət  növündən  asılı  olaraq  çox  miqdarda  məlumat  axını  baş  verir. Əzələlərdən  elektrik  siqnalları  halında  məlumatlar  öncə  onurğa  beyinə, sonra  beyin  sapına, oradan  talamusa  ən  sonda  şüurlu  qavramanın  baş  verdiyi  beyin  qabığına  çatdırılır. Əgər  beyin   sapından  beyin  qabığına  siqnallar  göndərilməzsə, şüurlu  qavrama  da mümkün  olmaz. Məsələn  hamının  bildiyi  “koma”  dediyimiz  ağır  vəziyyət  çox  zaman  bu  siqnalların  beyinin  üst  bölümlərinə  çatmasını  əngəlləyən  zədələr  nəticəsində  meydana  gəlir. Buradan  belə  nəticəyə  gəlirik  ki, hərəkət   beynimizin  daha  aktiv  olmasına  yardım  edir. Beyin sağlamlığına yaxşı  təsir edən fəaliyyətlərdən biri də  piyada yeriməkdir.Yaşadığımız  dövrün tələblərinə  uyğun  olaraq  hamımız  gündəlik  işlərimizlə  əlaqədar  fiziki  fəaliyyətə  çox az  zaman ayırırıq. Hər  hansı  fiziki  fəaliyyət  və  ya  idmanla  məşğul  olmağa  başlamaq  birbaşa   zehnimiz və  aldığımız  qərarlarla  bağlıdır. Xüsusi  ilə  şəhər   mühitində  yaşamaq, oturaq  iş, az  hərəkətlilik,  uzun  müddət  kompyuter  önündə  oturmaq, online  dərslər, konfranslar,  dərs  çalışmaq, avtomobildən çox istifadə etmək zehni  aktivliyi,  diqqətimizi  toplamağı  çətinləşdirir. Beyin  sağlamlığımız  üçün  zərərli  olan  bu  məşğuliyyətlər  bir  müddət  sonra  diqqət  dağınıqlığı, yaddaş  zəifləməsi,  zehni yorğunluq  kimi problemlərlə qarşımıza  çıxır. Bunun qarşısını  almaq  üçün  lazım olan bir  az  hərəkətli həyat tərzi sürməkdir..

Misal üçün  texnologiya  dünyasının  əfsanəsi  Steve  Jobs  demək  olar  ki, bütün  iş  görüşmələrini  piyada  yeriyərkən  həyata  keçirir. Piyada  yerimək  həyəcan  və  qayğı  hissini  azaldır. Yeriyərkən  problemlərdən  müvəqqəti  uzaqlaşmaq, konsentrasiyanın  yerimə üzərinə yönəlməsi, özümüzə  zaman  ayırmaq  və  qayğılarımızı  sərbəst  buraxmaq üçün  çox  effektiv bir  üsuldur.

Piyada  yeriyərkən beynimiz  serotanin  və  endorfin  ifraz  edir ki, buna görə  zehnimiz  sakitləşir  və  motivasiyamız   artır. Xoşbəxtliyin  kimyəvi  formulu  olan  bu iki hormon  sizə  həyatınızdan  məmnunluq  hissi  yaşadacaq.  Piyada  yerimək   bədəndə  serotaninin sərbəst  buraxılmasının  ən  təsirli  üsullarından  biridir. Serotanin  streslə  mübarizə  aparan  ən  vacib  amildir.

Gəzməyin  elmi  faydalarına  əsaslansaq:

 1. Piyada   yerimək  əyləncəli  bir  fəaliyyət  olmaqla  yanaşı, fiziki  və  psixoloji  baxımdan  çox  faydalı bir hərəkətdir.Michigan  Universitetinin  Tibb  Fakültəsi  tərəfindən aparılan  bir  araşdırmaya  görə, 50-60  yaş arasındakı insanlar  yalnız  gəzməklə  ölüm  riskini  35% azaldır. Alman   Saarland  Universitetində aparılan bir  araşdırmaya  görə, gündə  25  dəqiqə  gəzmək  ömrü  orta  hesabla  7 il  uzadır.

2. San  Francisco  Universitetində  aparılan  başqa  bir  araşdırmaya görə,  gəzməyin  yaşla  əlaqədar  yaddaş  zəifləməsini əhəmiyyətli  dərəcədə  azaltdığı  ortaya çıxmışdır. 65  yaş və  altında  olan  5000  iştirakçının  gündə  3 kilometr  gəzərək  yaddaş  zəifləməsini 17%  azaltdığı  görülmüşdür.

3. Bu  gün  unutqanlıq  kimi  zehni  funksiyaların  zəifləməsi nəticəsində  təyin  oluna  bilən  Alzheimer  xəstəliyinin  tam  müalicəsi  hələ  tapılmayıb. Ancaq  xəstəliyin  qarşısını  almaq  profilaktik  tədbir  olaraq  qəbul  edilən yollardan və  üsullardan  biri  də  idman  etmək,oturaq həyatdan uzaqlaşmaqdır.

4. Virginia  Universitetində aparılan  bir  araşdırmaya görə, gündə  ən  azı  yarım  kilometr  piyada   gəzən  70  yaşlı  fərdlərin  Alzheimer  xəstəliyinə  tutulma  riskinin  50% -ə  qədər azaldığı müşahidə olunmuşdur.

Piyada  yeriməyin  bir  çox  fiziki  və  psixoloji  faydaları  olduğuna  dair  kifayət  qədər  elmi  dəlillər  mövcuddur. Mütəxəssislər  gəzməyin  sakitləşdirici  təsir  göstərdiyini, zehni  funksiyaları  yaxşılaşdırdığını  və  hətta  unutqanlıq  və  demansın  başlanğıcını gecikdirə  biləcəyini  söyləyir. İdman  etməyə  başlamaq, həftədə  cəmi  150  dəqiqə  gəzmək,  sağlam  və  uzun  ömrün  qapılarını  açmaq  heç  vaxt  gec  deyil.

Beyin sağlığınızı qoruyun, hərəkətli həyat tərzi sürün və xoşbəxt olun.

 

                                                                                       
Aytəkin  Aslan