Məqalələr

"Mənim övladım oxumağı sevmir, biz ona oxumağı sevdirə bilmədik" deməyin!!!

01 İyul

"Mənim övladım oxumağı sevmir, biz ona oxumağı sevdirə bilmədik" deməyin!!!

Bir neçə ay bundan öncəyədək uşaqların ekran qarşısında nə qədər vaxt keçirməsi,dərslər üçün nə qədər vaxt ayırmaları , uşaqları ekrandan uzaq tutmağın yolları barədə danışırdıq. Sonra, anidən başlayan ,hər kəsin kabusuna çevrilən pandemiya , Covid 19 təhlükəsi ilə üz-üzə qalmağımız səbəbindən məktəblər tətil oldu və distant təhsil başladı. Məktəb uşaqları günün müəyyən vaxtlarını ekran qarşısında keçirirməyə  məcbur oldular.

Həssas ,hər zaman övladını qoruyan ,gələcəyi üçün narahat olan valideynlərin narahatlıq və qorxuları ikiqat artmış oldu .Son zamanlarda ən çox verdikləri suallar da məhz bu yöndə oldu “Necə edək ki,uşaqlar kitab oxusunlar ?”

Tədqiqatlardan əldə edilən məlumata görə, ümumiyyətlə dünyada kitab və jurnal kimi ənənəvi medianı seçən uşaqların nisbəti azalmaqdadır.Televiziya, kompüter oyunları və telefonlar uşaqların ünsiyyət potensialına, xüsusən də onların dil istifadə bacarıqlarına mənfi təsir göstərir.​Onlar üçün tərəzinin  bir tərəfində kitablar var, digər tərəfində isə  kompüter oyunları, internet və televiziya . Bir tərəfdən, sözləri oxumalı, dərk etməli və anlam yükləməli , zehnində canlandırmalıdırlar. Digər tərəfdən isə  hər şey hazırdır: vizual və eşitmə, rəngli,cəlbedici ekran.  Bu halda onları oxumağa cəlb etmək çox çətindir!!!

Bu və ya digər şəkildə uşaqlar ekran qarşısında vaxt keçirirlər. Üstəlik, belə zamankeçirmə bütün dünyada getdikcə artmaqdadır.Digər tərəfdən, biz elə bir fövqəladə dövr keçiririk ki, uşaqların komputer qarşısında yeni informasiya və məlumatlar öyrənməsi üçün şərait yaratmağa məcburuq ki,onlar tədrisdən geri qalmasın.

Gəlin  açıq danışaq!!!  Hər kitab “oxunmalı kitab” dır? Hər ay yüzlərlə yeni kitab buraxılır.İçərisində qeyri-peşəkar yazılanı da var ,nəşr olunanı da... Bu kitablardan bəziləri bir çox məktəblərin oxu proqramına daxil edilmişdir. Uşaqlar isə  siyahılarında olan bu kitabları "məcburi" şəkildə oxumalıdırlar. Zorla sevmədiyiniz bir kitabı oxumağın xoş bir hiss olmadığını  yəqin ki,özünüz bilirsiniz .

Bəs ona niyə “oxu”deyə israr edirsiniz? Deməli,ilk öncə hər şey düzgün kitab seçimindən başlanır .Daha sonra isə uşaqlara oxuma vərdişini aşılamaq üçün öncə özünüzün  kitab oxuduğunuzu ,mütaliə maraqlarınızı onlara göstərmək çox vacibdir.Uşaqlar ciddi müşahidəçilərdir. Övladınızın oxumağı sevməsini istəyirsinizsə, ona nümunə,örnək  olun .Əgər özünüz kitab oxumursunuzsa  və büdcənizdən  kitab almaq üçün pul  ayırmırsınızsa , uşağınızın  kitab oxumasını və mütaliəni sevməsini   gözləyə bilməzsiniz.

 Uşaqlar kitabların üz qabığını görən kimi  özləri üçün kitabın maraqlı olub olmaması ilə bağlı qərar verirlər . Kitabın cəlbedici bir üz qabığı  yoxdursa, uşağınızın oxumasını gözləməyin. Adından göründüyü kimi: "Uşaq kitabı". Daha çox əyləncəli, daha çox həyəcanlı, daha çox rəngarəng olmalıdır. Uşaqlar hələ necə oxumağı bilmədən ,kitab oxumaqdan zövq ala bilirlər. Xüsusilə gözəl şəkilləri olan bir kitabdan söhbət gedirsə.

Övladınıza kitab oxuma vərdişi qazandırmaq üçün  bir neçə tövsiyə :

1.Uşaqlar valideyinlərindən  pul almağı sevirlər. Uşağınıza verdiyiniz pullardan kiçik bir "kitab fondu"  yarada bilərsiniz.Əmin olun bu onun çox xoşuna gələcək və özü üçün kitab “alış-verişi”nə  getməyi  sevəcək.

2.Uşaqlar onlara  müraciət olunmasını çox sevirlər.Bunun üçün tövsiyəm  övladınızı bir qəzetə və ya jurnala abunə edin . Bu yolla, uşağınız poçt almaq həyəcanını yaşayarkən və onun adına poçt gəlməsindən sevinərək  növbəti tarixi gözləyəcək  və  oxumaqdan da zövq alacaqdır.

3.Uşaqlar diqqəti cəlb etmək istəyirlər, əgər  sizə bir şey oxumaq istəyirsə, səbrlə qulaq asın.

4.Uşaqlar əşyaların fərdiləşdirilməsini sevirlər . Uşağınızın otağına kitablarını istədikləri kimi yerləşdirə biləcəkləri kiçik bir yer qoyun. İnanın, o kiçik ərazidəki kitablar zamanla   çoxalacaq.

5.Uşaqlar asanlıqla məşğul olduqları şeylərdən canlarını qurtara bilərlər.Övladınız başladığı kitabı bitirib bir kənara qoyursa, buna əhəmiyyət verməyin. Onu bitirməyə məcbur etmək etməyin.

6.Uşaqlar məsləhət verməyi sevirlər. Ondan sizə kitab tövsiyə etməsini xahiş edin. Onun məsləhətlərinə əməl edin və kitabı oxuyun. Sonra onunla kitab haqqında söhbət edə bilərsiniz.

7.Uşaqlar mülkiyyətdən zövq alırlar.Övladınız üçün adı ,soyadı və ya çox sevdiyi cizgi filmi qəhrəmanı olan  möhür  sifariş edin . Kitablarına vurduğu möhürdən xoşu gələcək .

8. Birlikdə bir kitab oxumağa başlaya bilərsiniz. Əvvəlcə ucadan oxudun. Ona artıq  maraqlı gəldiyini başa düşdüyünüz yerdə bir işi bəhanə edib ayrılın və qalanını öz başına bitirməsini xahiş edə bilərsiniz 

9. Böyük uşaqlarınızı kiçik bacılarına kitab oxumağa təşviq edin.

10.Uşağınıza əlfəcin hədiyyə edin..

11. Uşağınızın kitablarını oxuyun. Bəli, bəli, bu yaşdan sonra oturun, uşaq kitabını oxuyun. Oxuyun ki, onlarla danışa biləsiniz; sevmədiyi kitabları niyə sevmədiyini başa düşə bilərsiniz. 

"Mənim övladım oxumağı sevmir, biz ona oxumağı sevdirə bilmədik" deməyin!!!

Oxumağı sevməyən uşaq yoxdur, oxumağı sevdirəcək kitabla tanış olmayan bir uşaq var!

Qeyd: Bütün bunlardan sonra övladınızda oxuma problemi davam edərsə, bir mütəxəssislə məsləhətləşmək  vacibdir . Oxuma istəyinin olmaması,öyrənmə çətinliyinin disleksiya, görmə problemi və s .göstəricisi ola bilər.