Məqalələr

Siz axtardığınız xəzinəni tapmısınızmı?

23 Yanvar

Həyat dediyimiz günlük yaşam tempimizdən asılı olaraq tələsik və yetişdirmək məcburiyyətində olduğumuz işlər axını ilə elə keçir ki,bəzən geri dönüb baxanda “bu sürətə necə yetişirik?” sualı yaranır beynimizdə .Bütün bir il ərzində özümüzə ayırdığımız həftə sonları və ən yaxşı hallarda ildə iki üç səyahət ve bayram istirahətləri….Və bu qarışıq ,sürətli gedən həyat qatarımızın bəzən çox kiçik ,amma böyük sevinclər bəxş edən “xoşbəxtlik stansiya”larında dayanmadığını hiss etmirik.Çünki o qədər böyük hədəflər,bitməz bilməyən rəqabətlər,söz-söhbət və mübahisələrə diqqət veririk ki,özümüzü xoşbəxtlikdən bilərək məhrum edirik. Ətrafımızda olan yaxşı insanları əks tipləri ilə qarşılaşdırdıqda ,əlimizdə olanları itirdikdə fərqinə vara bilirik. Ümumiyyətlə insan həyatı öyrənəndən daim bir axtarış içərisində keçir .Biri iş axtarır,digəri dost,biri sədaqət axtarır o biri nöqsan,biri gözəllik axtarır digəri saflıq,biri sevinc axtarır digəri nifrət.Hər kəs öz içində ,öz daxili aləmində bir şeylər axtarır.Bəs axtardıqlarını tapa bilirlərmi? Bu onları xoşbəxt edirmi?Bu kimi bitib tükənməyən suallar…. İnsanı düşündürən sualdır .Sual olmazsa cavabını bildiyimizi belə bilmirik bəzən. Bu yazımı yazmağa çox təsadüfən bəlkə fərqində olmadan çox dəyər verdiyim birinin dediyi bir cümlə “Mən öz xəzinəmi tapmışam “ fikri səbəb oldu.O an mənim də beynimdə bir sual yarandı, düşündüm:” Maraqlıdır bu həyatda nə qədər insan axtardığı xəzinəni tapıb?” Nədir xəzinə?—Xəzinə dedikdə ilk ağlımıza gələn bir sandıq və ya mücrü ,içi dolu ləl –cəvahirat, qızıl , daş-qaş və ondan ətrafa yayılan göz qamaşdıran parlaqlıq, işıltı gəlir.Amma həyatda hər şey bu xəzinədən ibarət deyil və düşündüyümüz həmin xəzinə ilə müqayisə olunmayacaq tapıntılar var: Hər kəs üçün ”xəzinə “ adlandıracağı ona doğru əxlaqi-mənəvi dəyərləri öyrədən,təhsil almasına yardım edən ailəsi,həyatını dəyişən öyrənməni öyrədən ustadı, başqa biri üçün isə ona həyatı boyunca faydalanacağı çox dəyərli və əvəzsiz bir kitabdır …… Həqiqətən bir kitab oxuyucusunun ruhunu,daxili dünyasını o qədər dəyişir ki ,o kitabın məzmunu ətrafa xəzinə qədər parıltı möcüzə ,elm,hidayət , hikmət nuru və işıq yansıdır .Bir sətri min kitaba dəyən bir kitab xəzinə deyil, bəs nədir? Hər birinizə belə kitablardan faydalanmağı və “xəzinə “sahibi olmağı diləyirəm .

 

 

Aytəkin Aslan